ASAN xidmət mobil tətbiqi ilə onlayn növbə götürmək olar

“ASAN Mərkəzləri daxilində insanların kütləvi toplaşmağının qarşısını almaq üçün vətəndaşlarımız qabaqcadan növbə əldə etməklə “ASAN Xidmət” mərkəzlərinə gələ biləcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun rəhbəri Ülvi Mehdiyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, qabaqcadan növbə almaq üçün 3 imkan yaradılıb: “Böyük əksəriyyət ağıllı telefonlardan istifadə edir. Onlar üçün həm android, həm də İOS sistemlərində ASAN xidmət mobil tətbiqi yaradılıb. Bu sistem keçən ildən istifadəyə verilib. 200 minə yaxın istifadəçisi var. Vətəndaşlarımız mobil tətbiqi telefonlarına yükləsinlər. Burada bütün məlumatlar var. Seçilən mərkəz üzrə onlayn növbə götürə bilərlər. Həmin növbəni götürən ASAN-a gəlməklə heç bir dəqiqə də gözləmədən xidmətini alıb gedəcək. Bu tətbiqdən istifadə edə bilməyən vətəndaşlar qurumun saytına daxil olub oradan da onlayn növbə götürə bilərlər.

Növbə belədir ki, sistem vətəndaşa randevu verir. İkinci hal isə odur ki, vətəndaş özü istədiyi vaxtı seçir. Vətəndaş sabahısı gün üçün müəyyən vaxtı seçib gələ bilir. Həmin gün üzrə isə sistem ona avtomatik növbə vaxtını təyin edir.

Üçüncü imkan isə “Çağrı Mərkəzi”dir. 108 “Çağrı Mərkəzi” həftənin bütün günləri işləyir. Bu “Çağrı Mərkəzi”nə zəng etməklə vətəndaşlar onlayn növbə götürə biləcəklər. Qabaqcadan növbə götürməyən vətəndaş mərkəzə buraxılmayacaq.

Bütün bu görülən tədbirlər də vətəndaşlarımız üçündür. Karantin rejimindən əvvəlki vəziyyətdə ASAN Xidmət gün ərzində 30 min vətəndaş qəbul edirdi. Bu kifayət qədər böyük rəqəmdir. Hazırda pandemiya şəraitində bu qədər insanın bir yerdə olması yolverilməzdir. Ona görə də qabaqcadan növbə götürmək əslində növbənin idarəedilməsinə imkan yaradır. Biz buna nail ola biləcəyik ki, ASAN Xidmət mərkəzlərinin içində vətəndaşlarımız sıx, bir-biriləriylə təmasda olmayacaqlar. Konkret müddətdə xidmətini alıb gedəcək”.