Polis maska ilə bağlı reydlərə başladı – Fotolar

Bu gündən ölkə ərazisində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib.

“Qafqazinfo” xəbər verir ki, karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülür.

Belə ki, paytaxtda polis və Daxili Qoşunların hərbi qulluqçuları əhalinin sıx toplaşdığı yerlərdə-poçt məntəqələrinin, bankların, idarələrin qarşısında vətəndaşlara xüsusi karantin rejiminin tələblərini izah edərək sosial məsafənin yaradılmasını təmin edib. 

Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Rəsmi məlumatda bildirilib ki, vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur. Bundan başqa, tibbi maskadan istifadə etməyənlərin ictimai nəqliyyata və qapalı məkanlarına girişinə məhdudiyyətlər qoyulacaq. Bu gündən etibarən ictimai nəqliyyatdan maska taxmadan istifadə edənlər yerə düşürdülüb.